{category-title}

Gündəm / Cəmiyyət
2.10.2026, 16:48
Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Moldova Azərbaycan şirkətlərinin, o cümlədən enerji sektorunda fəaliyyət göstərən müəssisələrin Avropa İttifaqı (Aİ) bazarına çıxışı üçün imkan yarada bilər.
Bu barədə Moldovanın Baş naziri Vasile Tofan Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüşündə bildirib.
Hökumət başçısı ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüşün vacib mövzularından biri energetika sahəsində əməkdaşlıq olub. Baş nazir Moldovanın Azərbaycan şirkətlərinin, o cümlədən energetika sektorunda fəaliyyət göstərən müəssisələrin Avropa bazarına çıxmasına kömək etməyə hazır olduğunu vurğulayıb.
"Moldova Azərbaycanı ölkəmizin mühüm tərəfdaşı və yaxşı dostu kimi qəbul edir. Biz Azərbaycanın son onilliklərdə əldə etdiyi dəyişikliklərə və inkişafa böyük hörmətlə yanaşırıq. Ölkələrimiz arasındakı münasibətləri bundan sonra da möhkəmləndirmək, investisiya əməkdaşlığını inkişaf etdirmək, birgə layihələr həyata keçirmək və iqtisadi əlaqələri genişləndirmək istəyirik", - V.Tofan deyib.
O, həmçinin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində, təbii qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsində Azərbaycanın rolunu qeyd edib.
Tərəflər biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan şirkətlərinin Moldovadakı inkişaf layihələrinə cəlb edilməsi daxil olmaqla, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bundan əlavə, görüşdə mədəni əməkdaşlıq və iki ölkə xalqları arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər mədəni mübadilələrin davam etdirilməsinin, o cümlədən sənətçilərin və yaradıcı kollektivlərin Moldova və Azərbaycanda keçirilən festival, konsert və digər tədbirlərdə qarşılıqlı iştirakının vacibliyini qeyd ediblər.
Baş nazir iki ölkə arasındakı münasibətlərin möhkəm təmələ və gələcək inkişaf üçün əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb, həmçinin Moldova hökumətinin fəal siyasi dialoqda və konkret birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə edib.
