Azərbaycan gəncliyi deyəndə,bunu Ulu Öndər Heydər Əliyevsiz təsəvvür etmək olmaz

Azərbaycan gəncliyi deyəndə,bunu Ulu Öndər Heydər Əliyevsiz təsəvvür etmək olmaz

29/06/2020 0 By Elcin Tagiyev
Paylas

Cəmi 1,048 Dəfə Oxunub

Ümummilli Lider Heydər Əliyev hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclər sahəsinə də, gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət, qayğı ilə yanaşıb. Gənclərlə bağlı bu siyasət bu gün ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncləri mövzusunda müsahibimiz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov verdiyimiz suallara belə cavab verdi.

– Heydər Əliyev – Azərbaycan gəncliyi: bu, Azərbaycan gəncliyi üçün nə deməkdir?

– Azərbaycan gəncliyi deyəndə, bunu Ulu Öndər Heydər Əliyevsiz təsəvvür etmək olmaz. İstər SSSR-i tarixində olsun, istərsə də müstəqillik dönəmində Azərbaycan gəncliyinin uğurları, nailiyyətləri yalnız və yalnız Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətə gəlişindən etibarən Azərbaycan gəncliyinə gənclik duyğuları qayıtdı və gənclərimiz bütün dünyada öz sözünü deməyi bacardı. Ulu Öndər hakimiyyətə gəldiyi zamandan etibarən Azərbaycan gəncliyinin gələcəyini düşündü. Ümummilli Lider düşünürdü ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intelektual qabiliyyəti yüksək olan gənclərdən ibarətdir. Bildiyimiz kimi, SSRİ dönəmində hələ Ulu Öndər hakimiyyətə gəlməzdən öncə Azərbaycan gəncləri heç bir perspektivli vəzifələrdə, işlərdə, sahələrdə təmsil olunmurdular. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gələndən sonra yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, uğurlu dönəmini yaşamağa başladı.

Bu gün ölkəmizdə hər bir sahədə-hərbi, təhsil, siyasi, iqtisadi və digər bütün sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Ulu Öndər ölkəmizdə hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclərlə bağlı məsələlərə də xüsusi önəm verir və bu sahəyə xüsusi diqqətlə, qayğıyla yanaşırdı. Onun gəncliyə verdiyi qiyməti dünya ölkələrinin heç birində heç bir dövlət başçısı öz ölkəsinin gəncliyinə belə qiymət verməyib. Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi deyərkən sadaladığımız bütün faktlar göz önündə durur.

– Gənclərin elmli, savadlı, vətənpərvər ruhda böyüməsi Ulu Öndər Heydər Əliyev siyasətinin ideologiyasının əsas xəttini təşkil edir. Bu siyasət bu gün hansı formada davam etdirilir?

– Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı bu gün də ən yüksək səviyyədə Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən aparılır. Ölkə Prezidenti hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyyə və tapşırıqlarını verir. Hər zaman olduğu kimi, bu gün də gənclərə diqqət və qayğı cənab Prezidentin nəzarətindədir. Təbii ki, buna görə də, Azərbaycan gəncləri dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərilərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Cənab Prezidentin gənclərlə bağlı yürütdüyü siyasət Ulu Öndərin bu sahədə yürütdüyü siyasətin davamı olaraq, bu gün Azərbaycan gənclərinin dünya miqyasında ölkəmiz üçün parlaq uğurlar qazanmasının təminatı və nəticəsidir. Qeyd edim ki, Ulu Öndərin hakimiyyəti zamanı olduğu kimi, bu gün də cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclər çox böyük uğurlar qazanırlar.

– Ulu Öndər Heydər Əliyevin gənclərlə iş siyasəti elmi əsaslara söykənir. Bu elmi əsasların həyata keçirilməsində əldə olunan uğurları necə qiymətləndirirsiniz?

– Ulu Öndər özü canlı bir tarix idi. Bilirik ki, Ümummilli Lider Azərbaycanın ən kasıb, geridə qalmış bir dönəmində hakimiyyətə gələrək, bu ölkənin hər sahəsini sürətlə inkişaf etdirdi. Şübhəsiz ki, bu inkişafın hər birinin elmi əsası var. Həmçinin, Ulu Öndər Heydər Əliyevin gənclərlə iş siyasəti də elmi əsaslara söykənirdi.

Ulu Öndərin hakimiyyəti dönəmində gənclərlə bağlı çox möhtəşəm tədbirlər həyata keçirildi. Əgər Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Gənclər gününün təsis edilməsi və Gənclər və İdman Nazirliyinin təsis edilməsi ilə Ulu Öndərin bu sahəyə diqqət və qayğısı bir daha sübut olundu. Ümumiyyətlə, gənclərimizin qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ümummilli Lider daim Azərbaycan gəncliyinə diqqət və qayğı ilə yanaşmış, onların mükəmməl təhsil almaları, həyatı dərindən öyrənmələri, dünyada gedən prosesləri bilmələri üçün ciddi səylər göstərmişdir. Qeyd edək ki, Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti, Azərbaycan xalqının bütün təbəqələrində olduğu kimi, gənclərində həyatında xüsusi yer tutub və Ulu Öndər xalqımızın qəlbində daima yaşayacaq. Sonda onu da qeyd edim ki, ölkənin uğurlu gələcəyi üçün Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Ümummilli Lider Heydər Əliyev siyasətinə dəstək olurlar. Azərbaycanın bugünkü uğurları sırasında gənclərə yaradılan şərait xüsusi olaraq göz önündədir. Gənclər bu şəraitdən səmərəli istifadə edərək öz potensiallarını nümayiş etdirirlər.